Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış 8760 nəfər uşağına aylıq sosial müavinət ödənilir

Bunu ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev deyib.
O bildirib ki, çoxuşaqlı anaların sayı 3022 nəfərdir. “Beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq 30 manat məbləğində sosial müavinət verilir. Bu ayın əvvəlinədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3022 qadının 18 yaşına çatmamış 8760 nəfər uşağına aylıq sosial müavinət ödənilib”,-E.Babayev söyləyib.
Qeyd edək ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl AES əlillərinin, şəhid ailələrinin, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, aztəminatlı ailələrin 1 yaşınadək uşaqları aylıq sosial müavinətlə təmin olunurlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin 6 ayında aylıq və birdəfəlik sosial müavinətlə təmin olunanların ümumi sayı isə 442,8 min nəfər təşkil edib.