
144 əsgərin şəhid, 111 əsgərin itkin, 1337 əsgərin donub öldüyü dəhşətli döyüş…
Döyüş əməliyyatlarının dəniz səviyyəsindən 3462 metr yüksəklikdə, çox çətin şəraitdə aparıldığı 1994-cü ilin 14 fevral faciəli günü haqda çox adam bilmir – baxmayaraq ki, mediada yazılar gedib, bir neçə veriliş də olub…
Soyuq havada dəli olan, donan, taleyi bəlli olmayan əsgərlərimizin həyatı bir filmə, bir kitaba, bir əsərə sığmaz.
Zivlen-Murovdağ-Bozlu və Alaxançallı-Murovdağ-Elyasalılar istiqamətində yüzlərlə şəhidimizin ruhu indi də dolaşır. Ərzaq yox, dincəlmək üçün imkan yox, yatmaq təhlükəli, dayanmaq olmaz… Bu dəhşətli şəraitdə səssiz-səmirsiz donan əsgərlərin günahsız ruhları bir-bir təəccüblə öz donmuş bədənlərinə baxırlar…
Döyüş gedir və dəstə iliyə işləyən buzlu suyun içində düşmənlə mübarizə aparır. Soyuq su və havanın acımasız gücünə təslim olan bəzi əsgərlər ağıllarını itirirlər. Suyun içində dəlilər kimi ora bura qaçanları isə pusquda duran ermənilər qətlə yetirir. Bəziləri soyuğun təsirindən özlərinə dağlarda sığınacaq axtarır və sonradan onları tapmaq olmur, itkin hesab edilirlər.
Hadisələrin iştirakçısı polkovnik-leytenant İntiqam Mirzəyev:
“Yerdə oturub dayana bilməzdiniz. Oturmaq ölmək demək idi. Əsgərlərə mümkün qədər çox hərəkət etmələri barədə əmr verildi, çünki dayansalar və ya yerdə otursalar, donacaqdılar. Şaxta üzümüzü kəsirdi. Bəzi əsgərlər soyuqdan dəli olmuşdu. Mahnı oxuyan əsgərlərin soyuq çaya necə qaçdıqlarını və soyunub suya necə girdiklərini görürdüm, yerdə oturanlar isə yerindəcə donub qalırdılar…”
“Azərbaycanın Sarıqamış”ı Murovda qar uçqunu da can almaqda idi. Yüzlərə insanın həyatı 14 fevral 1994-cü ildə məhv oldu.
O zaman isə “Sevgililər günü” ilə bağlı əksər insanlar bir-birinə hədiyyə axtarırdı…(Zaur Əliyev, dosent)
Robert Köçəryan bu hadisələri belə xatırlayırdı: “Azərbaycanlıların Kəlbəcərə qəfil hücumu bizi təəccübləndirdi. Kəlbəcərin müdafiəçiləri bu gözlənilməz hücumdan sonra mövqelərini əldən verdi. Buradakı qoşunlarımız müqavimət göstərməyə hazır deyildi. Ağır döyüşlərlə erməni batalyonları xeyli itki verdi və Vardenis bölgəsinə çəkildi. Düşmən qoşunları Ömər aşırımını ələ keçirib Kəlbəcərə daxil oldular. Bizim üçün bütün müharibənin nəticəsini dəyişə biləcək faciəvi və təhlükəli bir vəziyyət yarandı. Kəlbəcəri geri qaytarmalı idik. Bu sahənin strateji əhəmiyyətini o qədər yüksək hesab edirdik ki, Stepanakertdə yerləşən əsas zərbə ordumuz olan Mərkəzi Müdafiə qrupu əməliyyata cəlb edildi. Bu ordu qrupu xüsusi ilə hücumda çox güclü idi, onları müdafiədə ümumiyyətlə saxlamırdıq. Xüsusi bölmənin komandiri təcrübəli Samvel Karapetyan idi və döyüşçüləri əməliyyatda aparıcı rol oynadılar. Mardakertin Aterk kəndindən azərbaycanlıların gözünə görünmədən irəliləyən ordumuz dağların arasından uzun və çətin bir yol keçdilər və qəfildən Ömər aşırımının arxasına keçdilər. Buradakı Azərbaycan qoşunları mühasirəyə düşəcəklərindən qorxaraq geri çəkildi. Ömər aşırımını geri aldıqdan sonra bir daha itirməmək üçün ərazini uzun müddət davamlı nəzarətdə saxladıq.”
Murovdağı döyüşləri Qarabağ müharibəsində həm Ermənistan, həm də Azərbaycan ordusunun ən çox itki verdiyi savaş kimi tarixə düşüb. Beləcə döyüşlər sonrasında Murovdağdakı Ömər və Güzgü keçidləri də erməni qoşunlarının nəzarətinə keçdi.
Tomas de Vaal bu əməliyyatın nəticələri ilə bağlı bunu deyirdi: “İki Azərbaycan briqadası mühasirəyə düşmüşdü. Ermənilər mühasirəyə düşən hissələri “Qrad” raketlərindən şiddətli atəşə tutdular. Bu həmlənin nəticəsi çox acınacaqlı idi. Bircə bu əməliyyatda ermənilər 1500-ə qədər Azərbaycan əsgərini qətlə yetirdilər. Bir neçə il sonra Kəlbəcər dağlarına səyahət edənlər hələ də donmuş cəsədlərə rast gəlirdilər. Sonradan ermənilər Ömər aşırımında ölmüş cavan azərbaycanlı əsgərlərin yüzlərlə hərbi biletlərini topladılar. Erməni televiziyasının çəkiliş qrupu həmin müharibənin ən cansıxıcı mənzərələrindən birini – həlak olmuş cavan azərbaycanlıların uzun taxta masa üzərinə tölkülmüş yüzlərlə qırmızı hərbi biletlərini lentə almışdı.” (De Vaal, 2008: 272-273)
Məhz bu böyük itkilərdən sonra Azərbaycan Ermənistanla atəşkəs imzalamağa məcbur olur və danışıqlar sonrası 1994-cü ilin mayında Bikşek protokolu ilə rəsmi Bakı 20% torpağın işğalda qalması faktı ilə barışaraq sülh yolu ilə nizamlanmaya cəhd mərhələsinə keçid edir.