Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Quba, Qusar, Siyəzən, Xaçmaz, Şabran rayonlarında yaşayan 125 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa reabilitasiya vasitələri elə yaşadıqları rayonlara, bir hissəsinə isə evlərinə aparılaraq təqdim edilib.

Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğısı həmin insanların tibbi-sosial reabilitasiyası istiqamətində tədbirlərin ildən-ilə gücləndirilməsinə şərait yaradıb. Bu tədbirlər sırasında reabilitasiya vasitələri ilə təminat da mühüm yer tutur.

Tədbir çərçivəsində 125 nəfərdən 3 nəfərinə əlil arabası, 122 nəfərinə isə əvvəlcədən götürülən ölçülərinə uyğun hazırlanmış  protez-ortopedik məmulatlar, habelə qoltuqaltı və dirsəkaltı ağaclar, əsalar, dizliklər və s. verilib.

Reabilitasiya vasitələri ilə təmin olunan insanlar, onların ailə üzvləri sosial cəhətdən həssas qruplara göstərilən diqqət və qayğıya, müvafiq hallarda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların elə yaşadıqları rayonlarda və evlərində reabilitasiya vasitələri ilə təmin edilmələrinə görə minnətdarlıqlarını bildiriblər.

Oxumağa dəyər:   Lerikdə yaşayış binası və yeni məktəb tikiləcək - Sərəncam

Qeyd edək ki, bu ilin 9 ayında Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən ümumilikdə 5870 nəfər əlilliyi olan şəxs (o cümlədən, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 763 nəfər vətəndaş) və sağlamlıq imkanları məhdud uşağa protez-ortopedik bərpa xidmətləri göstərilib. Onlara ümumilikdə 17,7 mindən çox reabilitasiya vasitəsi, o cümlədən 800-ə yaxın əlil arabası verilib.





İstinadlar Qafqazinfo