Rusiya İqtisadi İnkişaf Nazirliyi (İİN) öz əməkdaşlarını xidməti avtomobillərdən azad edərək taksi xidmətindən istifadə etmələrinə qərar verib.

Bu barədə iqtisadi inkişaf naziri Maksim Oreşkin müsahibəsində bildirib.

“Nazirliyin xərclərinin əsas elementlərindən biri xidməti avtomobillərə çəkilən xərclərdir. Artıq əməkdaşların və hətta departament direktorlarının xidməti avtomobillərdən imtina edərək taksi xidmətindən istifadə etmələri üçün layihə həyata keçirmişik”, – deyə nazir əlavə edib.

Nazirin fikrincə, bu qərar nəticəsində hər avtomobildə 4 qat qənaət əldə edilib. Belə ki, departament direktorlarının sürücü ilə birgə avtomobilinin illik xərci 2,4 mln. rubl (40 000 dollar) təşkil edir. Eyni sinifdən olan avtomobillə taksi xidmətindən istifadə isə illik 500-600 min rubla (8 300-10 000 dollar) başa gəlir.

“Məcmu qənaət on milyonlarla rubl təşkil edə bilər”, – deyə M.Oreşkin bildirib.

Xatırladaq ki, M.Oreşkin həmçinin Nazirlikdə ixtisarların aparıldığını qeyd edib.

İstinadlar qazeta.ru, Report