Fransada keçirilən parlament seçkilərinin ikinci turunda ölkə başçısı Emmanuel Makronun “İrəli, Respublika!” hərəkatı qalıb gəlib

RİA Novosti bildirir ki, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
Bülletenlərin 95 faizinin hesablanmasından sonra “İrəli, Respublika!” hərəkatı müttəfiqləri MoDem-lə (“Demokratik hərəkat” partiyası) birgə parlamentdə azı 325 yerə sahib çıxaraq mütləq çoxluğa nail olublar. Sağ-mərkəzçi “Respublikaçılar” partiyası 110, “Sosialist Partiyası” – 28, sağ-mərkəzçi “Demokratlar və müstəqillər İttifaqı” – 17, “Fəth olunmayan Fransa” hərəkatı – 16, “Kommunist Partiyası” – 10, “Milli Cəbhə” – 8 mandat əldə edib.
“Milli Cəbhə”nin lideri Marin Le Pen ilk dəfə parlamentə seçilib. Fransa parlamentinin aşağı palatası Milli Məclisə həmçinin “Fəth olunmayan Fransa” hərəkatının lideri Jan-Lyuk Melanşon və sabiq baş nazir Manuel Vals seçilib.
Xatırladaq ki, parlament seçkilərinin 2-ci turunda seçicilərin 57-58 faizi səsvermədə iştirak etməyib.
Daha bir maraqlı məqam.Ilkin məlumatlara əsasən, bu seçkilərdən sonra Milli Assambleyaya 158 qadın deputat seçilib ki, bu da Fransa tarixində yeni rekorddur. Belə ki, 2012-ci ildə keçirilmiş parlament seçkilərindən sonra Milli Assambleyanın 577 deputatından 155-i qadın olmuşdu.