Rusiyada toyundan bir həftə sonra həyat yoldaşını qətlə yetirən azərbaycanlıya prokuror 14 il həbs cəzası istəyib.

Azərbaycan 24-ün məlumatına görə, ötən ilin aprel ayında Sankt-Peterburq şəhərində həyatı yoldaşı Gülnar Həbibovanı qətlə yetirməkdə təqsirləndirilən Samir Həbibovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə dövlət ittihamçısı məhkəmədən Samir Həbibova cəzasını ciddi rejimli koloniyada çəkməklə, 14 il azadlıqdan məhrumetmə cəzası istəyib. Mərhumun ailəsi S. Həbibova qarşı 10 milyon rubl dəyərində iddia da qaldırıb.

S. Həbibovun vəkili isə 8 il həbs cəzası veriləcəyinə ümid etdiyini bildirib.

Məhkəmə yanvarın 19-da S. Həbibova hökm oxuyacaq.

Qeyd edək ki, Gülnar və Samir Həbibovlar ötən il aprelin 15-də ailə qurublar. Bir həftə sonra Gülnarın itkin düşməsi ilə bağlı polisə ilk olaraq həyat yoldaşı Samir müraciət edib. O, qadının Tibb Universitetinə dərsə getmək üçün evdən çıxdığını və telefonunun zənglərə cavab vermədiyini, söndürüldüyünü bildirib. Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq şəhəri üzrə Baş İstintaq İdarəsi ötən ilin mayın 26-da G. Həbibovanın qətlə yetirildiyi və qətldə şübhəli bilinən həyat yoldaşı, 32 yaşlı Samir Həbibovun saxlanıldığı barədə məlumat yayıb. S. Həbibov istintaqın gedişində həyat yoldaşını öldürdüyünü etiraf edib, meyitin yerini göstərib. O, qətlin təsadüf nəticəsində baş verdiyini bildirib.

Oxumağa dəyər:   31 yaşlı azərbaycanlı Rusiyada meşədə donaraq ölüb

Ağır cinayətdə ittiham olunmasına baxmayaraq, məhkəmə onun barəsində İstintaq müddətində həbs-qətimkan tədbiri seçməyib. S. Həbibov ev dustaqlığına buraxılıb.

Məlumata görə, S.Həbibov bir neçə il bundan öncəyədək Rusiyada tanınan Abramyan adlı erməni aktyorun nəvəsi ilə sevgi münasibətində olub.

Qohumlarının sözlərinə görə, S.Həbibov 2003-cü ildə erməni qızı qətlə yetirdiyi üçün həbs olunub:

“Samir əvvəllər də cinayət törədib. O, Abramyan adlı bir erməni aktyorun nəvəsi ilə uzun müddət sevgili olub, 2003-cü ildə həmin qızı öldürüb. Samir erməni qızın meyitini maşında saxlayıb. Bu hadisənin üstü açılandan sonra Samiri həbs etdilər. O, 6 ildən sonra 2009-cü ildə azadlığa çıxdı. Samir həbsdən çıxandan sonra ailəsi bu hadisəni unutdurmaq üçün onu evləndirməyə qərar verdi. Gülnar Həbibova onunla ailə qurana kimi Samirin həbsdə olmasından, sevgilisini öldürməsindən xəbərsiz olub. Gülnarın ailəsi də bunu indəyədək bilmir. Samirin psixoloji problemləri olub. Normal insan günahsız yerə öz həyat yoldaşı niyə öldürsün ki?”

Oxumağa dəyər:   "7 uşaq və bir o qədər də "Qızıl top" istəyirəm"

Qohumlarının bildirdiyinə görə, Gülnar qətl hadisəsi baş verməmişdən bir neçə gün öncə Samirin hazırda başqa bir erməni qızla münasibətdə olduğunu, hətta ondan uşağının olduğunu öyrənib. Bundan sonra onlar arasında dava baş verib.

“Samir Gülnarla ailə qursa da, həmin erməni qızla münasibətdə olub. O, Gülnarı Samirə qısqanırmış. Bunun üstündə onların evlərində dava düşüb. Bu zəmində Samir Gülnarı qətlə yetirib. Çox güman ki, Samir erməni sevgilisinin tapşırığı ilə Gülnarı öldürüb. Samirin ailəsi də yaxşı bilir ki, Gülnar erməni qıza görə öldürülüb”, – Həbibovun qohumları bildirib.

İstinadlar Apa