Ağsu rayonunda iki ailənin faciəsi ilə nəticələnən ağır avtomobil qəzası baş verib

Hadisə yanvarın 1-də axşam saat 22 radələrində Ağsu şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Şamaxı rayonu, Qurdtəpə kənd sakini, 1970-ci il təvəllüdlü Ədilov Əmirşah Məmmədşah oğlu idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq piyada səkisində hərəkət edən iki nəfəri-Ağsu şəhər sakini, 1958-ci il təvəllüdlü Xəyyam Əliyevi və onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Xatirə Əliyevanı vurub. Ağır xəsarətlər alan ər və arvad hadisə yerində dünyalarını dəyişiblər.
Piyadaları vuran avtomobil sonra hasara çırpılaraq aşıb. Zərbənin təsiri nəticəsində avtomobilin sürücüsü Əmirşah Ədilov, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Ədilova Məhbubə Sədulla qızı və övladları, 2000-ci il təvəllüdlü Əmrah Ədilov və 1998-ci il təvəllüdlü Afaq Ədilova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

İstinadlar APA